Bolqarıstan Prezidenti: Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır
13-10-2017 | 12:15

Bolqarıstan Prezidenti: Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır

Bakı. Trend:

Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.

Bolqarıstan Prezidenti qeyd edib: "Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz Cənub Qaz Dəhlizinə dəstək veririk".

R.Radev bildirib ki, Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır:

"Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq".


mənbə: Trend.az

loading...
Oxşar xəbərlər